14:12, 08 Noyabr 2018 (Cümə axşamı) 116

"3 yaşına qədər uşaqlara müavinət verilsin" - Deputat


"Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin".

Bunu Əmək və sosial siyasət komitəsinin bu gün, noyabrın 8-də keçirilən iclasında həmin komitənin sədri Hadı Rəcəbli deyib.

Komitə sədrinin sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur.

"Təklif edirəm ki, 3 yaşına qədər uşaqlara da müavinət verilsin. Hətta bununla bağlı yeni qanun da hazırlana bilər", - deyə o vurğulayıb

Parlamentin komitə iclaslarında noyabrın 7-də də oxşar təkliflər səslənmişdi. Hatda deputat Fazil Mustafa, heç olmasa, 6 yaşına qədər uşaqpulunun verilməsini təklif etmişdi.

Ancaq maliyyə naziri Samir Şərifov bu təklifə bir o qədər müsbət yanaşmamışdı.

"Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər", - nazir demişdi.

Azərbaycanda yeni doğulan uşaqlara 90 manat civarında birdəfəlik müavinət verilir.

Amma hələ sovetlər dönəmindən mövcud olan 18 yaşa qədər hər ay uşaqpulunun verilməsi praktikası ünvanlı sosial yardımın tətbiqinə başlandıqdan sonra (2006-cı il iyulun 1-dən) dayandırılıb.