11:58, 10 Yanvar 2019 (Cümə axşamı) 476

ATƏT-dən Mehman Hüseynovu buraxmaq çağırışı

ATƏT-dən Mehman Hüseynovu buraxmaq çağırışı
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Desir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktubunda məhbus bloqçu Mehman Hüseynovla bağlı narahatlıq ifadə edib. "Amerikanın səsi” xəbər verir ki, Harlem Desir hakimiyyəti Mehman Hüseynova yeni ittihamları xətm etməyə çağırıb: "Dərin narahatlıq yaradan budur ki, bu insident Mehman Hüseynovun həbsxanadan azad edilməsinə az qalmış baş verib. Ona qarşı yeni ittihamlar daha 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Mehman Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onu həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram”.

ATƏT nümayəndəsi hakimiyyəti bloqçunun səhhəti barədə xəbərləri araşdırmağa və ona peşəkar tibbi xidmət göstərilməsinə də səsləyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.

2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Rəsmi məlumatda qeyd olunur ki, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan bloqçu bir müddət aclıq aksiyası keçirib.

Novator.az