16:20, 09 Yanvar 2019 (Çərşənbə) 352

Avropa Məhkəməsi Xədicə İsmayılovanın işi barədə hökm verəcək

Avropa Məhkəməsi Xədicə İsmayılovanın işi barədə hökm verəcək
Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovun işinə dair hökm çıxarmalıdır. Onun elanı cümə axşamı gününə planlaşdırılıb.

"Xədicə İsmayılova Azərbaycana qarşı" adlı iş üzrə informasiya Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında yerləşdirilib.

Xədicə İsmayılova iddia edir ki, hökumət onun şəxsi həyatına "çox ciddi" müdaxiləyə görə ya bilavasitə məsuliyyət daşıyır, ya da ki, "effektiv araşdırma" keçirmədiyi, müdaxilə edənləri müəyyən etmədiyi üçün öz vəzifəsini yerinə yetirməyib.

Sənəddə Xədicə İsmayılovanın təhdid məktubu aldığı, onun yataq otağında gizli kameraların quraşdırılması və intim video çəkilişinin internetə yüklənməsi qeyd olunur.

2012-ci ildə jurnalistin intim videosu internetdə yayıldıqdan sonra Moskvadan göndərilən məktubda ondan tələb olunub ki, elədiyi işdən yayınsın, yoxsa rüsvay ediləcək.

Xədicə İsmayılova bu şantaj məktubunun Azərbaycanda prezident ailəsinin iddia olunan bizeslərinə dair apardığı araşdırmalarla bağlı olduğunu bildirib.

Məhkəmədən öncə BBC News Azərbaycancaya danışan Xədicə İsmayılova deyib ki, günahkarların üzə çıxmasına ümid edir.

"Mən istəyirəm ki, Avropa Məhkəməsi təkcə mənə kompensasiya ödənməsini deyil, həm də bu işdə ədalətin bərpa olunmasını tələb etsin. Ədalət isə günahkarların üzə çıxarılıb cəzalandırılmasıdır".

O, özü də evinə müdaxilə ilə bağlı araşdırma apardığını qeyd edib.

"Mən öz araşdırmamı aparmışam. Öz materialımı təqdim etmişdim". Ancaq Xədicə İsmayılova özünün təqdim etdiyi dəlillərin hakimiyyət tərəfindən araşdırımadığını əlavə edib.

Jurnalist Xədicə İsmayılova illərdir ki, Azərbaycan hökumətinin tənqidçisi olub. O, hökumət və prezident İlham Əliyevin ailəsinə bağlı biznesləri araşdırıb.

Xədicə İsmayılova: Azərbaycanın ən tanınmış məhbus jurnalisti haqqında nə bilirik?
İsmayılova hesab edir ki, ona qarşı təqiblər Azərbaycanda jurnalistlər əleyhinə siyasi zəminli kampaniyanın tərkibidir.

Bunları rədd edən Azərbaycan hökuməti jurnalistlərin konkret ittihamlara görə həbs olunduğunu deyir.

Xədicə İsmayılova 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə şərti azadlığa buraxılıb.

Avropa Məhkəməsində bu işlə bağlı da bir iddia qaldırılıb.