15:51, 19 Oktyabr 2018 (Cümə) 651

Azərbaycanda Aqrar Birja yaradılacaq - ŞƏRH

Azərbaycanda Aqrar Birja yaradılacaq - ŞƏRH
Kənd təsərrüfatı Nazirliyinin "Kənddən Şəhərə” layihəsi çərçivəsində Aqrar Birja yaradılacaq.

Prezident İlham Əliyev oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təmirdən sonrakı fəaliyyəti ilə tanış olarkən bu məlumat nazirliyin nümayəndəsi tərəfindən verilib.

Bildirilib ki, bu yolla kənd təsərrüfatı məhsullarının həm satıcıları, həm də alıcıları vahid platformada birləşəcək, kənd təsərrüfatı məhsullarının qiymət-məlumat bazası yaradılacaq.

Bəs layihə haqqında ekspertlər nə düşünür?

"Biz hələ buna tam hazır deyilik”

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Toplum.Tv bildirib ki, birja fermerlər üçün yenilikdir və onlar bu sahədə marifləndirilməlidirlər: "Azərbaycanda bu birjanın qurulması üçün çox böyük hazırlıq işləri tələb olunur. Çünki biz hələ buna tam hazır deyilik. Bu məsələnin həlli üçün fermerlər ayrıntılı şəkildə maarifləndirilməlidirlər. Amma bütövlükdə Azərbaycanda kənd təsərrüfatına yanaşma tərzini dəyişmək lazımdır. Bu məsələ tək birja məsələsi deyil, təsərrüfat ekstensiv olaraq inkişaf etdirılməlidir. Mən zənn edirəm ki,  kənd təsərrüfatı sahəsindəki başqa problemlər həll  olunduqdan sonra birja məsələsi  də həll olunacaq. Hələlik başlıca olaraq maarifləndirilmə ilə məşğul olmaq lazımdır. Ümumilikdə camaatın birja haqqında bilgisi yoxdur. Bu, Azəbaycan üçün yeni şeydir, əvvəlki dönəmlərdə olmayıb. İnkişaf etmiş kapitalist ölkələrində iqtisadiyyat birja ilə nəfs alır. Bizdə buraxın kənd təsərrüfatını, sənaye malları üçün birja demək olar ki, yoxdur. Başqa ölkələrin iqtisadi xəbərlərində başlıqlar birjadakı dəyişikdir, bizdə isə birja nədir, funksiyası nədir, necə çalışır, çoxunun bu haqda məlumatı belə yoxdur”.

"Əgər bu, imic layihəsinə çevrilməyəcəksə, layihə uğur qazanacaq”

İqtisadçı Natiq Cəfərli deyib ki, layihənin ideası yaxşıdır, fermerlər gəlir əldə etsələr, bu işdə maraqlı olacaqlar: "Əlbəttə, fermerlərin texniki hazırlıqlarına ehtiyac yaranacaq. Amma ümumilikdə ideya pis deyil, bir çox ölkədə də tətbiq olunur. İdeyanı həyata keçirmək üçün Azərbaycan fermerlərini  maraqlandırmaq lazımdır. Əgər fermerlər bunda bir maraq, qazanc mənbəyi görsələr, daha tez  qavrayarlar. Əgər, bu, imic layihəsinə çevrilməyəcəksə, layihə uğur qazanacaq. İndiki  sürətlə dəyişən texnologiyalar zamanında  fermerlərin evlərində də gənc nəslin nümayəndələri var, onlar da texniki cəhətdən yardımçı ola bilərlər. Əgər ötən əsrdə valideynlər, böyüklər evə xəbər gətirirdisə, indi əksi baş verir, gənclər evə xəbər daşıyırlar. Ona görə mənə elə gəlir ki, bu texniki cəhətdən böyük problem olmayacaq, amma əsas məsələ bunun  işlək olması və gəlir gətirməsidir”. 

Əminə Məmmədova
Toplum TV