19:00, 18 Aprel 2019 (Cümə axşamı) 246

Azərbaycanla Avropa İttifaqı arasındakı sazişlə bağlı ictimai dinləmələr keçirilib

Azərbaycanla Avropa İttifaqı arasındakı sazişlə bağlı ictimai dinləmələr keçirilib
Avropa İttifaqı ilə saziş imzalananadək Azərbaycanda siyasi məhbuslar olmamalı, insan hüquq və azadlıqları, o cümlədən mətbuat, toplaşmaq azadlığı təmin edilməli, vətəndaş cəmiyyəti institutu bərpa edilməli, azad məhkəmələr yaradılmalıdır.
 
Sazişdə Azərbaycanın ərazi bütövlüyü məsələsi Ukrayna, Gürcüstan, Moldova ilə sazişdə oldğu kimi əksini tapmalıdır.
 
Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşəbbüsü ilə aprelin 18-də "Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair" ictimai dinləmələr zamanı çıxışların əsas leytmotivi belə olub.


Dinləmələrdə çoxsaylı müxalifət partiyalarının rəhbərləri, QHT və media təmsilçiləri iştirak ediblər. Forumu həmçinin xarici diplomatik missiyaların, o cümlədən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin nümayəndələri müşahidə edib.

Forum iştirakçıları birmənalı şəkildə Azərbaycanın Avropa İttifaqına inteqrasiyasının tərəfdarıdır. Amma, imzalanacaq saziş layihəsi cəmiyyət üçün açıq olmalı və cəmiyyətin maraqlarını əks etdirməlidir.

"Hazırda saziş Azərbaycan cəmiyyəti üçün açıq deyil. Biz hesab edirik ki, saziş layihəsi Azərbaycan hökumətinin maraqlarını əks etdirir. Separatçı sənəddir və gizli şəraitdə hazırlanıb. Azərbaycan cəmiyyəti sazişin hazırlanmasında iştirak etməyib", deyə beynəlxalq münasibətlər üzrə ekspert Xaqani Cəfərli məruzəsində bildirib.

Ekspertin fikrincə, Azərbaycan hökumətinin apardığı siyasət Avropa dəyərlərinə cavab vermir.

"Avropa İttifaqı ilə imzalanacaq saziş bizim cəmiyyətin Avropa dəyərlərinə inteqrasiyasını nəzərdə tutur. Avropanın dili ingilis, fransız, alman, ispan, italyan dilləridir. Amma Azərbaycanda 340 rusdilli məktəb var. Hökumətdən soruşun, görək, neçə ingilis, alman, fransız, ispan dilli məktəb açıb? Azərbaycan hökuməti Rusiyaya inteqrasiya yolunu tutub, Rusiya dəyərlərini təbliğ edir. Amma bizim qurucu babalarımız hələ iyriminci əsrin əvvəllərində Avropaya inteqrasiya yolunu seçiblər", deyə ekspert qeyd edib.

Dinləmələr zamanı Azərbaycan xalqının Avropa Birliyi ilə sazişə münasibət bildirməsinin vacib olduğu diqqətə çatdırılıb. Çünki Azərbaycan iqtidarı bu sazişlə hakimiyyətinin ömrünü uzatmağa çalışır.

"Ukrayna hökumətinin inteqrasiyaya razılıq verməməsi inqilabla nəticələndi. Gürcü xalqı isə referendumla münasibətini bildirib. Azərbaycan xalqı da sazişə münsasibət bildirməlidir", deyə Cəfərli qeyd edib.

Keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, cəmiyyətdə sazişin separat danışıqlar əsasında hazırlandığı barədə şübhələr var.

"Bu səbədən saziş layihəsi cəmiyyət üçün açıq olmalıdır. Şübhələr var ki, saziş layihəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ Şərq Tərəfdaşlığının digər 4 üzvü ilə imzalanan sazişlərdən fərqlidir", deyə o qeyd edib.

REAL Partiyasının sədri İlqar Məmmədov daha sərt çıxış edib. Onun fikrincə, indiki hökumət xalqın maraqlarına xidmət edən saziş imzalaya bilməz.

"Bu sənəd Avropa İttifaqının deyil, Azərbaycan hökumətinin seçimidir. Biz Azərbaycanın hazırladığı, məzmunu məlum olmayan sənəd ətrafında danışırıq", deyə o qeyd edib.

O, REAL Partiyasının imzalanacaq sənədlə bağlı mövqeyindən danışarkən deyib ki, sənədi İlham Əliyev hökuməti deyil, başqa hökumət imzalamalıdır.

"Biz istəyirik ki, İlham Əliyev hökuməti getsin. Biz istəyirik ki, İlham Əliyev hökumətini bu seçkilərdə yola salaq. Hakimiyyət tamamilə dəyişməlidir. Sazişi yeni hakimiyyətə gələcək hakimiyyət imzalamalıdır", deyə Məmmədov bəyan edib.

REAL lideri bəzi partiyaların onunla bağlı tənqidlərini qəbul etmir.

"Bəzi siyasi partiyalar qeyri-peşəkar mövqedən, sanki QHT mövqeyindən çıxış edir. Əvvəla saziş tamamlanmalıdır. Azərbaycan hakimiyyəti deyir ki, sazişin 90 faizi razılaşdırlıb. Qalan 10 faizin nə vaxtadək razılaşdırılacağı məlum deyil. Qarabağ münaqişəsində də neçə illərdir belə deyirlər. Saziş tamamlanandan sonra Avropa İttifaqına üzv dövlətlərin qanunvericiliyinə uyğunluğu öyrəniləcək. Avropa Parlamenti qiymət verəcək. Bundan sonra sənəd paraflanacaq."

İlqar Məmmədovun fikrincə, bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin müsbət məcrada inkişafının əleyhinədir.

"Ona görə də belə hallarda onlar öz adları ilə deyil, başqa adlar altında münasibətlərin əleyhinə işləyirlər", deyən İlqar Məmmədov həmin qüvvələrin adlarını açıqlamayıb.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bildirib ki, Milli Şura strateji tərəfdaşlıq, azad ticarət sazişi də daxil olmaqla, assosiativ sazişin tərəfdarıdır.

"Milli Şura Avropa Parlamentinin mövqeyini müdafiə edir. Sazişin müddəaları Avropa Birliyinin minimum standartlarından aşağı olmamaldır. Avropa İttifaqı siyasi məhbusları olan, azad mediası olmayan, QHT sektoru darmadağın edilmiş, sərbəst toplaşmaq azadlığı qadağan edilən, hüquq müdafiə sistemi, vəkillik institutu sıradan çıxarılmış ölkə ilə saziş imzalamamalıdır. Sazişdə Azərbaycanın ərazi bütövlüyü əksini tapmalıdır", deyə o qeyd edib.

Milli Şuranın sədri Cəmil Həsənli deyib: "Azərbaycan hökuməti korrupsioner, kriminal dəyərlərə sazişi uyğunlaşdırmaq istəyir. Hökumətin limiti artıq qurtarıb və sazişi imzalamağa məcburdur. Amma sazişi elə imzalamaq istəyir ki, ailə hakimiyyətinin ömrünün uzadılmasına xidmət etsin", deyə o qeyd edib.

Cəmil Həsənli hesab edir ki, Avropa İttifaqı ölkədə siyasi məhbusların azad edilməsini, insanlara qarşı təhdid və təzyiqlərin aradan qaldırılmasını, işgəncə laboratoriyasının ləğvini tələb etməlidir. Onun fikrincə, hökumətin Rusiyanın təzyiqi faktorundan istifadə etməsi də əbəsdir.

"Azərbaycanın nə qədər Rusiyanın yanında olması lazımdırsa, elə o qədər də Rusiyanın yanındadır".

AXCP sədri Əli Kərimli hesab edir ki, sazişin imzalanması lazımdır.

"Bu saziş layihəsi Azərbaycan hökumətinin mövqeyi deyil, kompromisin nəticəsidir. Burada çox sayda öhdəliklər var. Biz Avropa İttifaqına mesajımızı veririk. Azərbaycan bir dəfə Avropa Şurası ilə sazişdən yanıb. Azərbaycan Avropa dəyərlərinə zərbə vurub. Burada məsələ kürü diplomatiyasında da deyil. Biz ikinci imitasiya istəmirik. Biz Avropa Parlamentinin mövqeyini müdafiə edirik", deyə o qeyd edib.

Əli Kərimli həmçinin Azərbaycanda fundamental azadlıqların bərpa edilməsini, həmçinin işgəncə laboratoriyasının aradan qaldırılmasını tələb edib.

"Saziş tərəflərin deyil, Azərbaycan xalqının maraqlarına cavab verməlidir. İlham Əliyev hökuməti ölkə iqtisadiyyatını batırıb, ona kreditlər lazımdır. Bu hökumət əvvəlki kimi o kreditləri də basıb yeyəcək. Onun xalqa nə xeyri var? İndi aqroholdinqlər açırlar. Onun xalqa nə xeyiri var? Özləri üçün şirkət açıb, yeni bazarlar axtarırlar. Bunun Azərbaycan xalqının marağına nə dəxli var?", deyə Əli Kərimli bildirib.

İctimai dinləmələrin qətnaməsində də deyilir ki, saziş Avropa dəyərlərinə cavab verməli, fundamental insan hüquqlarının təmin edilməsi, o cümlədən ədalətli məhkəmə, hüquq müdafiə sisteminin təmin edilməsi ilə bağlı öhdəliklər yer almalıdır. Sənəd imzalanmamışdan bir ay əvvəl aşılanmalı və xalqın müzakirəsinə təqdim edilməlidir. 
 
Turan İA