17:00, 09 Noyabr 2018 (Cümə) 253

"Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır" - Ekspert

Ekspert: "İcra hakimiyyətlərinin uşaq baxçalarında tərbiyənin və tədrisin keyfiyyətini yaxşılaşdırmaq imkanları yox səviyyəsindədir”

Oktyabrın 7-də Milli Məclisin büdcə müzakirəsi zamanı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib.

Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçaları 2011-ci ildə prezidentin sərəncamı ilə nazirliyin tabeliyindən çıxarılaraq icra hakimiyyəti orqanlarına verilib.

Bəs uşaq bağçaları ümumiyyətlə, hansı nazirliyin tabeçiliyində olmalıdır? 

Təhsil üzrə ekspert Etibar Əliyev Toplum tv-yə deputatın fikrini dəstəklədiyini bildirib:
 
 
"Təhsilin hansısa pilləsinin, elə götürək baxçaları, başqa bir quruma tabe olması yolverilməzdir. Mən deputatın fikrini dəstəkləyirəm. İcra hakimiyyətlərinin uşaq bağçalarında tərbiyənin və tədrisin keyfiyyətini yaxşılaşdırmaq imkanları yox səviyyəsindədir. Bağçaların İcra hakimiyyətlərinə tabeçiliyi  təhsilin bu önəmli pilləsində xeyli geriləmələr yaratdı. Həm də uşaqların bağçalara qəbulunda neqativ halları çoxaltdı. Rayon icra hakimiyyətlərinin humanitar şöbələrində çalışan bir neçə nəfərin bağça təhsilini qaydaya salması mümkün deyil. Təhsil nazirliyində isə vaxtilə aidiyyəti şöbədə xeyli sayda mütəxəssislər çalışırdı”. 

"Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır”

Ekspert Kamran Əsədov isə deyir ki, kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır: "Hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd məktəbəqədər) təhsil müəssisəsi var. Bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır. Dünya təcrübəsində Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. 2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı”. 
 

Ekspert özəl bağçaların tədris bağçaları ilə müqayisədə yaxşı təşkil olunduğunu və  tərbiyəçilərin, işçilərin uşaqlara daha həssas yanaşdığını qeyd edib: "Bizim məktəbəqədər təhsil müəssisələrinin quruluşu ilə bağlı normativlər sovet dönəmində hazırlanan normativlər əsasında hazırlanıb. Bu gün də o normativlər tətbiq olunur. Özəl bağçalarda isə istər qidalanma, istərsə də tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi,  tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil. Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır. Hesab edirəm ki, bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır. Necə ki Peşə Təhsili Agentliyi yaradıldı və bütün peşə təhsili vahid sistemə tabe edildi, bu baxçalara da şamil edilməlidir. Bu həm də tədris  vahidliyinin qorunması üçün labüddür”.

Nəzrin Bədəlli
Toplum.Tv