14:49, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 146

"Bizə məhkəmələrə gedin dedilər"- Hərbçilərin ailə üzvləri

Bu gün, noyabrın 20-də ölkənin ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri yenidən Şəhidlər Xiyabanına toplanıb. Onlar həlak olan yaxınlarına görə, birdəfəlik müavinət ala bilməmələrindən şikayət edirlər. Ancaq həmin şəxslərə sonradan dövlət televiziyasının qarşısında dayanmağa imkan verilmədiyindən onlar Prezident Administrasiyasının (PA) önünə gəliblər.

Onların bəzi nümayəndələri Administrasiyada qəbulda olublar.

Qəbulda olanlardan Məhəbbət Qocayeva Azadlıq Radiosuna deyib ki, onları hüquq şöbəsindən Elşad Babayev qəbul edib.

M.Qocayevanın sözlərinə görə, onlara bütün bu mübahisələrə son qoymaqdan ötrü məhkəməyə getmələri tövsiyə edilib.

Bu insanlar artıq bir neçə aydır ki, eyni şikayətlərlə bağlı dəfələrlə həm Prezident Administrasiyası, həm Milli Məclis, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Şəhidlər Xiyabanının önünə toplaşıblar. Sonuncu dəfə ötən həftə deputatlarla görüşdə onlara 2 ay gözləmək məsləhət bilinmişdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə demişdi ki, birdəfəlik müavinət almaqdan ötrü bütün sənədlər qaydasında olmalıdır.

Nazirlikdən verilən məlumata görə, bu vaxta qədər 224 həlak olan hərbi qulluqçuya görə 279 vərəsəyə birdəfəlik müavinət verilib.

Fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək. Ancaq ümumilikdə proses, hələ başa çatmayıb.

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların bəzilərinin ailələrinin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: "1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında" Qanuna əsasən, varislərə 50 min – 200 min manat məbləğində sığorta ödənişi həyata keçirilib...".