12:53, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 145

"Dükana 300 manat borcum var" - Deputat

Gürcüstanda 600 min şəxsin banklara borcu bağlanacaq. 

Azərbaycanda da manatın devalvasiyasından sonra banklara borcu olanlara dövlətin güzəşt etməsi ilə bağlı dəfələrlə məsələ qaldırılıb, hətta işin araşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilib. Amma hər dəfə KM bankların xeyrinə qərar verib. Gürcüstan borcluların kreditini silə bilirsə, Azərbaycan niyə oxşar addım atmır?

"Mən də oxudum elə bir xəbər, kreditləri bağlayacaqlar deyirlər. Amma hələ bağlamayıblar. Qərar var. Yaxşı haldır, gürcülər bu addımı atırsa. Mən biləni, borc birdəfəlik silinmir, müvəqqəti olaraq silinir, dəqiq bilmirəm. Ancaq yaxşı addımdır. Yəqin o adamların borcunu bağlayırlar ki, ödəyə bilmirlər, ödəməyə də nə pulları var, nə mülkləri, nə də tutub əllərindən alınacaq bir şeyləri. Uğurlu addımdır. Həm də qarşıdan seçkilər gəlir, seçkini qazanmaq üçün atılan addım da ola bilər. Hər halda, xalqın xeyrinədir, istəyir seçki olsun, istəyir olmasın"- bunları Azadlıq Radiosuna müsahibəsində deputat, yazıçı Aqil Abbas deyib.

A.Abbas bildirib ki,Çox istərdim ki, Azərbaycanda da Gürcüstandakı kimi belə addım atılsın: "Buna dövlətin imkanı var. Azərbaycan Gürcüstandan beş dəfə varlı ölkədir. Həm büdcəsi ondan beş dəfə çoxdur, həm də ÜDM ildən ilə artır, ixracatımız artır, sərmayə qoyuluşları çoxalır. Yəni, ölkədə iqtisadi inkişaf var. O baxımdan, Azərbaycan da belə bir addım ata bilər və istərdim ki, atsın. Düzdür, mənim banka borcum yoxdur. Evimizin qabağındakı dükana 300 manat borcum var. Amma istərdim ki, Azərbaycan da belə bir addım atsın. Yəqin, bu söhbət olacaq, büdcə müzakirələrindən sonra parlamentdə qaldırıla bilər. Yəqin, Gürcüstanın təsiri ola bilər".