14:53, 11 Oktyabr 2018 (Cümə axşamı) 137

Fəaliyyəti dayandırılmış vəkilin şikayətinə baxılacaq

Fəaliyyəti dayandırılmış vəkilin şikayətinə baxılacaq
Hüquqşünas Yalçın İmanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Novator.az-ın məlumatına görə, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyir. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Qərar Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. İlkin baxış zamanı Yalçın İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.

Bundan sonra Yalçın İmanov Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib. Ancaq aprelin 17-də Gəncə Apelyasiya Məhkəməsi Yalçın İmanovun şikayətini təmin etməyib.

Yalçın İmanov Gəncə Apelyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində, yaxud Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmasını və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəyib. Sentyabrın 26-da Ali Məhkəmə şikayəti təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları qüvvədə saxlanıb.

Yalçın İmanov deyib ki, məhkəmələr onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb: "Bunu nəzərə alaraq müstəqil tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişəm, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyirəm. Mənim vəkillik fəaliyyətimə xitam verilməsinə heç bir hüquqi əsas yoxdur”.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Yalçın İmanovun şikayətinə oktyabrın 19-da baxacaq.