16:22, 15 Oktyabr 2018 (Bazar ertəsi) 214

Hacıbala Abutalıbov: Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcək

Hacıbala Abutalıbov: Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcək
Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər:

"Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".

H.Abutalıbov bildirib ki, hazırda ərazidə sürüşmə prosesində aktivlik davam edir:

"Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Həmin ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, ərazinin öyrənilməsi üçün qazılan bütün kəşfiyyat quyularının suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".