13:24, 16 Mart 2019 (Şənbə) 337

Hakim və köməkçisi rüşvətdə günahlandırılaraq həbs edilib

Hakim və köməkçisi rüşvətdə günahlandırılaraq həbs edilib
Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və onun köməkçisi Şahid Allahverdiyev rüşvət almaq ittihamı ilə həbs olunublar. 

Bu barədə Məhkəmə-Hüquq Şurasının və Baş Prokurorluğun martın 15-də yaydıqları birgə məlumatda bildirilir.

MHŞ hakimin qanun pozuntusuna yol verdiyini müəyyən edib. Onun səlahiyyətlərinə xitam verilib, iş baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

A.İsmayılova qarşı CM-in 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

İş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Lakin məlumatda hakimin kimdən, nə zaman və nə üçün rüşvət aldığı açıqlanmır.