23:23, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 315

İcbari tibbi sığortanın tətbiqi niyə gecikir? - Ekspert şərhi

İcbari tibbi sığortanın tətbiqi niyə gecikir? - Ekspert şərhi
Maliyyə naziri Samir Şərifov icbari tibbi sığortanın tətbiqi ilə bağlı açıqlama verib.

O bildirib ki, bu prosesə 2020-ci ildən başlanacaq: "2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq".

Nazir qeyd edib ki, gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək: "Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”.

Bəs uzun illərdir ki, adını eşidib, üzünü görmədiyimiz icbari tibbi sığortadan 2020-ci ildə bütün vətəndaşlar yararlana biləcəkmi?

"İcbari tibbi sığortanın tətbiqi uzun illərdir müzakirə olunan prosesdir. Hələ 2007-ci ildə prezident sərəncam vermişdi ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq olunsun. Nəzərdə tutulmuşdu ki, 2012 ci ilə qədər bu tətbiq olunacaq, lakin sərəncam yerinə yetirilmədi”.

Bunu ToplumTV-yə iqtisadçı ekspert Azər Mehtiyev deyib.

Onun sözlərinə görə, 2017-ci ildən başlayaraq, icbari tibbi sığortanın faktiki olaraq tətbiqinə başlanılıb: "İlkin olaraq,  Ağdaş və Mingəçevir şəhərlərində pilot qaydasında həyata keçirldi. Bu il isə siyahıya biri də əlavə olunmuşdur. Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortamın tətbiqinə başlanılıb.  Əvvəllər belə bir fikir vardı ki, 2019-cu ildən bütün ölkə boyu tətbiq olunsun. Ancaq indi yenidən ölkə boyu tətbiqin 2020-ci ildən olacağını deyirlər".

Ekspertin fikrincə, prosesə 2017-ci ildən start verilib: "Artıq pilot layihəsi tətbiq olunmağa başlayır, ancaq ölkə boyu tətbiqinə 2020-ci ildə başlanılacaq". 

A. Mehtiyev qeyd edir ki, bu özü özlüyündə o qədər də rahat baş tutacaq proses deyil: "Bu çox ciddi bir islahatdır. Bu islahatın bir mexanizm olaraq oturuşması müəyyən qədər zaman tələb edir. Büdcədən 2019-cu il üçün ayrılması planlaşdırılan 224 milyon manatın yetərli olub-olmaması haqqında ekspert bildirir ki, ayrılacaq vəsaitin məqsədi hələ bəlli deyil. Bilinmir ki, gələn il daha neçə rayon və şəhər icbari tibbi sığorta tətbiq edilənlərin siyahısına əlavə ediləcək. Bu bəlli olmadığından 224 milyon manat bəs edib-etməməsini demək çətindir. Ümumilikdə gələcəkdə səhiyyəyə ayırılan vəsaitin icbari tibbi sığorta yolu ilə xərclənəcəyi nəzərdə tutulur. Bu baxımdan səhiyyə xərclərinə ümumi yanaşmaq lazımdır".

Onun sözlərinə görə, bu gün tibbi sığorta yalnız pilot qaydasında tətbiq olunmuş rayonlarda  mövcuddur: "İcbari tibbi sığortadan Mingəçevir Ağdaş və Yevlax şəhərlərinin ərazində yaşayan insanlar istifadə edir. Bundan başqa xüsusi bir qrup var ki, icbari tibbi sığortası var. Bunlar dövlət qulluqçularıdır. Bir də ayrı-ayrı şirkətlərin həyata keçirdiyi layihələr var".

Ekspert deyir ki, icbari tibbi sığortanın tətbiqi bir çox suallara cavab verməlidir: "Təbii ki, söhbət düzgün tətbiq edildikdən sonrakı nəticələrindən gedir. Əvvəla, təbii ki, icbari tibbi sığorta  dövlət tərəfindən səhiyyə vəsaitlərinin daha səmərəli istifadə olunmasına və insanların ondan faydalanmasına  imkan verir. Ona görə ki Azərbaycanda dövlət büdcəsindən məsələn, səhiyyəyə 800 milyon manata qədər vəsait ayrılır. Nəzərdə tutulur ki, səhiyyə pulsuzdur. Bu gün dövlət xəstəxanalarına da, poliklinikalarına da getsəniz, pulsuz xidmət əldə etmək imkanı yoxdur. Bu, ən ciddi məsələlərdən biridir. İcbari tibbi sığorta isə imkan verir ki, sığorta paketinə daxil olan xidmətlərin hamısını sığorta kartı vasitəsi ilə, pulsuz əldə eləmək mümkün olsun. Təbii ki, onun keyfiyyət məsələsi  tədricən həll olunan prosesdir.  İndiki halda həkimlə xəstə arasında  nəzarətedici mexanizmlər var. Həkim istədiyi müalicəni yaza bilər, istədiyi diaqnozla xəstəni göndərə bilər, ancaq xəstə bunun doğruluğunu yoxlaya bilmir. Ancaq icbari tibbi sığortanın tətbiqi bunun qabağını alacaq".
 
Əminə Məmmədova