11:45, 22 Aprel 2019 (Bazar ertəsi) 223

Möhsün Nağısoylu: "Hər kəs yeni Orfoqrafiya Normalarına riayət etməlidir"

Möhsün Nağısoylu:
"Mətbuat, təhsil işçiləri, yazıçı və şairlər, eləcə də yazı sənəti ilə məşğul olan hər bir şəxs yenicə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları əsasında bütün qaydalara riayət etməyə başlamalıdırlar”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib ictimaiyyətə təqdim edildiyi gündən qüvvəyə minib. Buna görə də Normalarda əks olunan qaydalara riayət olunmalıdır: "Normaları Baş Nazir Novruz Məmmədov təsdiq edib və artıq burada öz əksini tapan qaydalara riayət olunması zəruridir. Normaların əsasında Azərbaycan dilinin Orfoqrafiya lüğəti hazırlanır. Orfoqrafiya lüğəti may ayında hazır olacaq və sentyabr ayında isə nəşr olunaraq ictimaiyyətə təqdim ediləcək. Amma cəmiyyət lüğətin çapdan çıxmasını gözləməməlidir, hər bir şəxs sözlərin yazılış qaydasına riayət etməlidir. Yenə deyirəm ki, yeni Normalarda əks olunan sözlərin yazılışına riayət olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq.
 
Report.az