11:10, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 139

Müxalif fəallara kəsilən cərimələri ödəmək üçün kampaniya başlanır

Müxalif fəallara kəsilən cərimələri ödəmək üçün kampaniya başlanır
Bakının Səbail Rayon Məhkəməsi tərəfindən cərimə cəzasına məruz qalan müxalifət fəallarının cəriməsinin ödənilməsinə dəstək məqsədilə noyabrın 23-də "Dirçəliş marafonu” keçiriləcək.

Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) noyabrın 19-da keçirilən toplantısında qərar qəbul edilib.

Şənbə günü Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli ilə yanaşı 52 nəfər müxalifət fəalı saxlanılmışdı.
17 noyabr - Milli Dirçəliş Günündə Bakıda Şəhidlər Xiyabanını ziyarət etmək istəyən Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli ilə yanaşı 52 nəfər müxalifət fəalı saxlanılıb. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və digər 10 fəal noyabrın 18-də məhkəmə qarşısına çıxarılıb. Məhkəmə Əli Kərimlini və 7 nəfər müxalifət fəalını İnzibati Xətalar Məcəlləsinin 513.1 maddəsi (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilərək cərimələyib. 3 fəal isə inzibati qaydada 20 sutka həbsə məhkum edilib.

Siyasi Məhbusları Müdafiə Mərkəzi müxalifətin ziyarətinin qarşısının alınmasını, 3 nəfər haqqında 20 günlük inzibati həbs cəzası çıxarılmaqla digər şəxslərin 400 - 2500 manat arası cərimələnməsini pisləyən bəyanat qəbul edib.

İllər öncə Azərbaycanda "Azadlıq" qəzetiniə dəstək və gənc fəalların məhkəmə cərimələrini ödəmək məqsədi ilə aksiyalar keçirilib. 2013-cü ildə gənclərə dəstək aksiyası "5 qəpik aksiyası" adalndırılıb.

İclasda SMMM tərəfindən hazırlanan "Həbs yerlərində saxlanma şəraiti və Azərbaycanda siyasi məhbus problemi” mövzusunda hesabat da diqqət mərkəzində olub.

Sənədin 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü yerli və beynəlxalq ictimaiyyətə təqdim edilməsi qərara alınıb.

Yerli hüquq müdafiə təşkilatları ölkədə 160-dək siyasi məhbusun olduğunu bildirir. Eyni zamanda hüquq müdafiəçiləri həbs yerlərində siyasi məhbus kimi tanınan şəxlsərə qarşı münasibətin sərtləşdiyi barədə vaxtaşırı məlumatlar yayır.

Son bir ildə siyasi məhbus kimi tanınan iki şəxs - keçmiş səhiyyə naziri Əli İnsanov və AXCP sədrinin müşaviri Məmməd Ibrahim həbs müddəti başa çatmasına bir neçə gün qalmış digər ittihamla yenidən həbs olunub.

Rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu və siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmir.

Penitensiar Xidmət də həbs yerlərində məhbuslara qarşı münasibətdə ayrıseçkiliyin olmadığını, məhbusların saxlanma yerlərində fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun qurulduğunu bəyan edir.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib. Amnesty İnternational təşkilatı 10-dan çox insanı vicdan məhbusu elan edib. Avropa İnsan Hüquqlari Məhkəməsinin Azərbaycanda azadlıqların pozulması ilə bağlı çoxsaylı qərarları var.

Amerikanın Səsi