17:37, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 997

Müxalifət təcrübəsizdirmi? - ŞƏRH

Müxalifət təcrübəsizdirmi? - ŞƏRH
Çexiyanın paytaxtı Praqada keçirilən "Forum-2000" konfransında iştirak edən REAL Partiyasının Məclis üzvü Erkin Qədirlinin Meydan TV-nin rəhbəri Emin Milliyə verdiyi müsahibə zamanı söylədiyi bəzi fikirlər ictimaiyyətdə müzakirələrə səbəb olub.  

Belə ki, Erkin Qədirlinin müxalifətin təcrübəsiz olması ilə bağlı söylədiyi fikirlər birmənalı qarşılanmayıb. 

Erkin Qədirli canlı yayım zamanı  deyib ki, "Mən özümüzü hələ hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, tələsən yerimiz yoxdur. Çünki hakimiyyət bu gün çöksə, heç kəs hakimiyyətə gəlməyə hazır deyil. Heç kəs də hakimiyyəti saxlamağa hazır deyil. Ona görə də bu hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın. 

Köhnə müxalifət təcrübə toplamaq istəməyib və deyəsən, onlar heç hakimiyyətə gəlmək də istəməyiblər. REAL-ın yanaşması başqadır. Biz bilikli və bacarıqlı auditoriya ilə işləməyi üstünlük veririk. Bunu tələsmədən edirik. Kimsəyə düşmən gözü ilə baxmadan bunu edirik. Amma  yenə də təcrübəsizlik var. Bizim heç birimizin - İlqarın Məmmədovun, Natiq Cəfərlinin, mənim dövlət təcrübəmiz yoxdur. Amma bu, bir tək bizim problem deyil. Bu, ölkənin, sistemin problemidir. 

Məsələ savadda deyil, təcrübədədir. Sən gələcəksən hakimiyyətə və görəcəksən ki, sənin tənqid etdiyin problemlər heç bu hakimiyyətin siyasətinin nəticəsi deyil. Daha dərindir. Sən də xalqa hakimiyyətin yanlış siyasəti var deyə o qədər danışmısan ki... Və gələndən sonra görürsən ki, bu problem hakimiyyətdən daha dərindir. Mən heç kəsi ruhdan salmaq istəmirəm. Sadəcə, obyektiv olmağa çalışıram. Bəli, biz təcrübəsizik, amma bu sistemin problemidir. Hakimiyyət bunu anlamalıdır ki, təcrübəsiz müxalifət təhlükəlidir. Tarixi fürsət yaransa, təcrübəsiz müxalifət hakimiyyətə gəlsə, bu, ölkə üçün heç də yaxşı hal olmayacaq".

Bəs, görəsən, ictimai-siyasi şəxslər Erkin Qədirlinin bu fikirləri haqda nə düşünürlər? 

"Düz sözə nə deyəsən?”

Politoloq Zərdüşt Əlizadə  bildirib ki, Erkin Qədirlinin söylədiyi fikirlər düzgün fikirlərdir:
 
 
"Düz sözə nə deyəsən? Sizcə, əgər inqilab baş versə, müxalifət hakimiyyətə gəlsə, bu gün mürəkkəb və dolaşıq cəmiyyəti idarə etməyə qadirdirmi? Təcrübə lazımdır, kadr bazası və komanda lazımdır, planlama lazımdır. Buna görə də mən Erkin bəylə tamamilə razıyam".

Politoloq Hikmət Hacızadə isə deyib ki, müxalifətin hazır olmamasının səbəbi, yəqin ki, sosial şəraitin hələ yetişməməsidir. 
 

O bildirir ki, "hazırdır və ya hazır deyil" cümləsi ümumiyyətlə, düzgün yanaşma deyil: "Cəmiyyətin indiki durumunda belə yanlış ifadələrdən qaçmaq lazımdır".

Politoloq Nəsimi Məmmədli bildirib ki, əgər Erkin Qədirlinin dediyi bu fikirlər təkcə onun özünə və mənsub olduğu partiyaya aid olsaydı, bəlkə də, üzərindən sükutla keçmək olardı. 

Politoloq deyir ki, bu tezislər cəmiyyətdə müzakirələrə səbəb olub və müxtəlif suallar doğurub: "Öncə onu deyim ki, Erkin bəyin fikirlərinin arxasında hansısa pis niyyət axtarmağa dəyməz. Özünün də dediyi kimi, təcrübəsizlik bəzən də belə təzahür edir. Erkin Qədirli ölkədəki ümumi siyasi hazırlıq səviyyəsinə öz partiyasının çərçivəsindən baxır. O özü də etiraf edir ki, REAL partiyası yeni təsis edilib və siyasi proseslərə hələ hazır deyil. Eyni zamanda heç özünü sınamaq fürsəti də olmayıb. İlqar Məmmədovun həbsindən başqa siyasi müstəvidə hansısa fəaliyyəti ilə xüsusi diqqət çəkməyib. Odur ki, haqlı olaraq, "tələsən yerimiz yoxdur” deyir". 
 

Politoloqun sözlərinə görə, Erkin Qədirli bununla öz tərəfdarlarına mesaj verir ki, bizi tələsdirməyin, biz hələ iqtidar olmağa hazır deyilik və hazırlaşmalıyıq: "Məsələnin bu tərəfində ictimai motiv axtarmaq lazım deyil. Əgər bunun əksini iddia etsəydi, o zaman qeyri-səmimi davranış olardı".

N. Məmmədlinin fikrincə, Erkin Qədirli hazırlaşmağın önəmini cəmiyyətə çatdırmaq üçün bir az ifrata varıb: "Hakimiyyət bu gün çöksə, heç kəs hakimiyyətə gəlməyə və hakimiyyəti saxlamağa hazır deyil” fikri ilə öz tərəfdarlarına təsəlli verməyə çalışsa da, ciddi siyasi yanlışlığa da yol verib. Bu fikirdən aydın olur ki, REAL təmsilçisinin hakimiyyətə necə gələcəyi barədə hələ təsəvvürü formalaşmayıb. Eyni zamanda, belə bir düşüncə də hakimdir ki, biz hakimiyyətə gəlməyə hazır deyiliksə, hələ bu sistem davam etsin. Bu, çox zərərli baxışdır".

N.Məmmədli bildirib ki, iqtidarın idarəçiliyindən heç bir müsbət təcrübə qazanmağın mümkün olmadığını ölkənin istənilən aktiv kəsimi anlayır: "Çünki bu sistemin demokratik cəmiyyətə öyrədəcəyi heç bir dərsdən danışmaq olmaz. Belə olan halda, "bu hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın” fikrinin ortaya çıxması da anlaşılmazdır. Cəmiyyətin indiki durumunda belə yanlış ifadələrdən qaçmaq lazımdır. Erkin bəyin "köhnə müxalifət” təcrübə toplamaq istəməyib və onlar heç hakimiyyətə gəlmək də istəməyiblər” fikrindən də ən çox məmnun qalan tərəf iqtidar olacaq. Təəssüf ki, bu fikir də cəmiyyətə inamsızlıq aşılayır, müxalifəti lağa qoymaq istəyi sezilir". 

Politoloqun sözlərinə görə, bu gün ölkəmizdə "köhnə müxalifət”, "yeni müxalifət” tezisləri yumşaq desək, istehza doğurur: ""Yeni müxalifət”in hansı sosial-siyasi situasiyada, nə zaman və necə üzə çıxa biləcəyinin çox aydın sosiologiyası var. Siyasi meydana atılan istənilən yeni simalı şəxslər özlərinə nə qədər "yeni müxalifət” desələr də, bu, "yeni müxalifət” olmaq demək deyil. Cəmiyyəti belə fikirlərlə müəyyən müddət çaşdırmaq olar, amma ona müsbət istiqamət vermək olmaz", - politoloq bildirir.

Politoloq qeyd edib ki, ölkənin demokratik standartlarla mükəmməl idarə edilməsi qanuni əsaslarla yaradılan mexanizmlərə bağlıdır: "Bu mexanizmlərin tətbiqi çox qısa zaman kəsiyində mümkündür. Eyni zamanda ölkədə və xaricdə yaşayan həmvətənlərimiz arasında çox yaxşı kadr bazası da var. Ölkənin intellektual, inzibati, siyasi resursları barədə dolğun bilgisi olmayan insanlar fikir ifadə edərkən, adətən belə xətalara yol verir".

"Azərbaycan yatmış şirə bənzəyir: oyadırlar, gedib o yanda yatır”. 

Jurnalist Şahvələd Çobanoğlu da məsələyə öz "facebook" hesabında münasibət bildirib: "Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, tələsən yerimiz yoxdur? İndi bu qədər savadlı bir adam - Erkin Qədirli bir söz deyib: "Tələsən yerimiz yoxdur". Hamı güldükcə gülür, deyindikcə deyinir, o da isbat etməyə çalışır ki, yox, elə onun dediyidir. Təkrar-təkrar deyir. Burada başa düşülməsi çətin olan nə var axı? Hamı deyir çox gecikmişik, çox itirmişik, tələsməsək də, vaxtında edək nəyisə, yaxud yenə gecikməyək. Erkin Qədirli də dediyi o sözü bir də deyir, gülürlər. Bilirik ki, kiçik pişiyə ayrı deşik açmaq pişiklərə mane olmurdu, amma gülməli idi. Tələsən yerimiz yoxdur demək də, o demək deyil ki, hamı tələsirmiş, bu adam da haqlı olaraq qoymur tələsməyə. Axı heç tələsən yoxdur, hətta tərpənən o qədər azdır ki, çox vaxt "tərpənən yoxdur" deyirlər".
 

Jurnalist qeyd edir ki, bu məsələnin  gülməli tərəfi yoxdur. Onun sözlərinə görə, bu, xalqın hakimiyyətini qəsb edən, saxta yollarla iqtidarda qalan, ölkəni talayan, taleləri sındıran bir cinayətkar dəstəyə haqq qazandırmaqdır: "Təsəvvür edin ki, hamı acdır, yeməyə də bir şey yoxdur, sən gəlib deyirsən ki, çox yemək olmaz, sağlamlığa ziyandır, sizcə bəyənərlər? Camaat şir lətifəsi danışır: "Azərbaycan yatmış şirə bənzəyir. Oyadırlar, gedib o yanda yatır”. Elə bil, sən də bu zaman deyirsən ki, tələsən yerimiz yoxdur. Üstəlik, təkcə gülməli deyil, həm də təkrar-təkrar deyəndə çağırışa oxşayır - Oturaq yerimizdə, tələsməyək! – deyə. Ardınca da deyirsiniz ki, bu hakimiyyəti heç kim hələ əvəz etməyə hazır deyil, hakimiyyətə gəlməli deyilik, təcrübə yığmalıyıq. Təcrübəyə bax bir! Təcrübəniz yoxdursa, nə bilirsiniz ki, onlar təcrübəlidir?"

"Müxalifət yeni sistemi qurmaq üçün peşəkar komanda ilə məsləhətləşmələr aparsın" 

Jurnalist Xədicə İsmayıl isə öz "facebook" hesabında məsələ ilə bağlı deyir ki, müxalifət yeni sistemi qurmaq üçün peşəkar komanda ilə məsləhətləşmələr aparsın:
 
"Məqam gələndə onların çəkisi nə siyasi məhbusları, nə liderinin həbsdə keçirdiyi illər, nə də indi mitinq tribunalarında görünən simaları (fədakarlıqlarına hörmətimizlə) ilə deyil, peşəkar komanda toplamaq qabiliyyəti ilə ölçüləcək. Xalqa, beynəlxalq ictimaiyyətə biz təkcə "get” demirik, həm də sonra nə edəcəyimizi bilirik mesajı verməlidirlər".

Samirə Əliyeva
Toplum.Tv