17:44, 22 Aprel 2019 (Bazar ertəsi) 187

Oqtay Gülalıyev Zakir Qaralova açıq məktubla müraciət edib

Oqtay Gülalıyev Zakir Qaralova açıq məktubla müraciət edib
Hüquq müdafiəçisi Oqtay Gülalıyev aprelin 21-də baş prokuror Zakir Qaralova açıq məktubla müraciət edib.

Müraciətdə bildirilir ki, son zamanlar ictimai-siyasi fəalların, mülki şəxslərin şərlənib həbs olunması, təqib və təzyiqlərə, işgəncələrə məruz qalması, bəzi hallarda isə qətlə yetirilməsi halları genişlənməkdədir.

Oqtay Gülalıyev Gəncə hadisələri, hərbi və mülki şəxslərin tutulduğu "Tərtər işi" zamanı insanların işgəncələrə məruz qalmasını, ağır cəzalara məhkum edilməsini, siyasi müxalifət nümayəndələrinin və digər şəxslərin həbsini pisləyib.

"10 iyul 2018-ci ildə Gəncədə baş vermiş məlum hadisələrlə bağlı Sabunçu rayon Məhkəməsində keçirilən proseslərdə bir daha aydın oldu ki, hadisələr zamanı həbs olunmuş şəxslər Gəncə polisində və Bakıda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə və qeyri-insani münasibətə məruz qalıblar. Bütün bunlar isə respublika prokurorluğunun yüksək vəzifəli əməkdaşlarının gözü qarşısında baş verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti öz çıxışlarında onlara verilən işgəncənin başında dayanan şəxslərdən birinin respublika prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin məsul əməkdaşı Orxan Babayev olduğunu bildirirlər. Amma təqsirləndirilən şəxslərin və müdafiəçilərin çoxsaylı vəsatətlərinə baxmayaraq, nə Orxan Babayev məhkəməyə dəvət olunur, nə də onlara verilən dəhşətli, qeyri-insani işgəncə halları haqqında ölçü götürülür. Eyni zamanda, təqsirləndirilən şəxslərin əməllərinə adekvat olmayan, qanunvericiliyə zidd olan ittihamlar verilmiş və prosessual hərəkətlər düzgün icra edilməmişdir. Belə ki, cinayət hadisəsinin iştirakçısı (təşkilatçı, təhrikçi, əlbir və s.) olmadıqları halda onların barəsində eyni maddələrlə ittihamlar verilmiş (Cinayət Məcəlləsinin 15- 23 fərqli maddələri ilə) müstəqil vəkillər müdafiə işində olmamış, ailə üzvləri ilə əlaqə saxlanılmasına imkan verilməmişdir...

Baş prokurorluğun "mütəşəkkil cinayətkar dəstə" kimi təqdim etdiyi şəxslərin əksəriyyəti bir-birini tanımır. Bu da ittihamın saxta və qurama olmasına dair şübhələri artırır.

Məhkəmənin gedişində aydın olur ki, 10 iyul 2018-ci il məlum Gəncə hadisələrindən sonra qətlə yetirilmiş 8 nəfər rəsmi qurumların dediyi kimi güc strukturlarına silahlı müqavimət göstərməyib və onlar həbs olunub qətlə yetirilərkən silahlı olmayıblar. Öldürülənlərdən biri Ağa Sərxaninin nəşi 9 aydır ki, dəfn olunması üçün ailəsinə təhvil verilmir", deyə hüquq müdafiəçisi yazır.

Gülalıyev eyni zmanda 2017-ci ildə Tərtərdə bir qrup hərbiçinin müəmmalı qətli və kütləvi həbsi ilə nəticələnən hadisələrlə bağlı keçirilən məhkəmə prosesində əldə olunmuş, eləcə də onların valideynlərinin, müdafiəçilərinin verdiyi məlumatlara əsaslanaraq yazıb.

"Həbs edilən hərbiçilərə ağlasığmaz, dəhşətli işgəncələr veriblər. "Xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən" (fikirlər Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmündən götürülüb) vəzifəli şəxslərin qanunsuz əməlləri nəticəsində ən azı 8 nəfər qətlə yetirilib ki, həmin şəxslərin 4 nəfəri ölmündən sonra bəraət alıb. Dəhşətli və təəccüblü haldır ki, işgəncə verən vəzifəli şəxslərə qarşı irəli sürülən ittihamda adam öldürmə maddəsi İttiham aktından çıxarılıb. Halbuki, məhkəmə sənədində açıq qeyd olunur ki, "hərbi qulluqçu Elçin Quliyev çoxsaylı zərbələr almış, baş beyin, ağciyər və böyrəkətrafı toxumalara qan sızması nəticəsində 06 may 2017- ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür". 100- lərlə hərbçinin - əsgər və zabitlərimizin məruz qaldığı dəhşətli və amansız işgəncələrin araşdırılması istiqamətində addımlar atılmır. Nəticədə 15 il həbs cəzası almış hərbiçi İsmayıl Hüseynovun timsalında ədalət tapa bilməyən məhbuslar həbsxanada özünə qəsd edir", deyə o qeyd edib.

Hüquq müdafiəçisi bununla yanaşı, siyasi müxalifətçinin ailə üzvünə qarşı fiziki zorakılıq edən şəxsə yüngül cəza veridliyini və ictimai-siyasi fəlların qanusuz olaraq təqib edildiyini, inzibati həbsə məruz qaldığını bildirir. Bununla yanaşı, prokurorluq orqanında işə düzəlmək üçün yüksək vəzifəli şəxsə 200 min dollar rüşəvt verdiyini və sonra isə övladının zəhərlənərək öldürüldüyünü bildirən şəxsin şikayəti üzrə isə araşdırma aparılmadığını bildirir.

"Çox təəssüf ki, yuxarıda qeyd etdiyim cinayət tərkibli ciddi qanun pozuntularına sizin və rəhbərlik etdiyiniz Respublika Baş Prokurorluğu tərəfindən nəinki lazımi reaksiya verilməyib, əksinə bu cinayətlərin bəzilərinin baş verməsində, ört-basdır edilməsində sizin qurumun bir sıra əməkdaşları bilərəkdən və ya bilməyərəkdən iştirak edib. Respublika baş prokurorluğu başda olmaqla, aidiyyatı qurumlar insanların qanunsuz həbs olunması, qətlə yetirilməsi, təzyiq və təqiblərə, ağır işgəncələrə məruz qalması hallarına ciddi reaksiya verməli, müvafiq addımlar atmalıdır. Sizi yol verilmiş qanunsuzluqların aradan qaldırılması, işgəncə və qətl hərəkətləri barədə ciddi ölçü götürməyə çağırıram!", deyə hüquq müdafiəçisi açıq məktubunda qeyd edir.

Yuxarıda sadalananlarla bağlı hələ hüquq mühafizə orqanlarından və məhkəmələrdən şərh almaq mümkün olmayıb. 

Turan İA