17:31, 10 Yanvar 2019 (Cümə axşamı) 645

"Sənət adamı gərək pul düşünməsin" - "Mənim hekayəm"

…Onun əlləri qapqaradır, alnı ağappaq. Üzündəki qırışlar zəhmətlərinin zolaqlarıdır sanki, ağac kəsiyindəki halqalar kimi. 
 

Odla işləməkdən gözlərinə tor çöküb, duman arxasından çıxan günəş kimi parıldayır bəbəkləri. Uca boyu da qısılıb dizlərinin büküntüsündən. Hər bədən üzvünü bir sənətə qurban verib o. 

Gözünün nurunu od aparıb, şuxluğunu şum. Dizləri 15 gün davamlı maşın sürməkdən çöküb, əlləri pasa batmaqdan dəmirə dönüb. Həyatın çətinliyini də görüb, az yaşından kəndin hörmətli cavanı olmağın ləzzətini də.
 

Deyir ki, 12 yaşından müxtəlif işlərlə məşğul olub. Heç vaxt da ustası, öyrədəni olmayıb. Hər şeyi maraqdan öyrənib.

Ağdamın Quzanlı kəndində dünyaya göz açan Nüsrət Qarayevin indi 70 yaşı var. Dizinin bükülməsinə baxmayaraq, qamətindən, duruşundan gəncliyində ucaboy və gümrah olduğu bilinir. 
 
 

Özünün sözlərinə görə, dizlərinin qığırdağı günlərlə rol arxasında olmaqdan yeyilib. Yeriməkdə çətinllik çəkir, amma bu, onun işləməsinə əngəl olmur. Atla gəzir, 40 hektar sahədə pambıq, taxıl əkir. Həyətdəki boş torpaqda da tərəvəzlər, göyərtilər, güllər əkib-becərir. Deyir ki, dizini əvvəlki vəziyyətə qaytarmaq üçün 4 min mana lazımdır. Lakin yaşına görə o qədər pulu sağlamlığına xərcləməyə qıymır.
 

Ailə üzvlərinin sayına nisbətdə kiçik, aynabəndli evləri diqqət çəkir. Təmirsiz olmasına baxmayaraq, təmiz, səliqəlidir. Həyətdə toyuqların səsi it hürüşünə, uşaq qəhqəhəsinə qarışıb. 

Həyətin giriş qapısından sağda, nəhəng palıd ağacının kölgəsində onun emalatxanası yerləşir. Emalatxanada avadanlıqlarla yanaşı misdən hazırlanmış qədimi əşyalar, paslı su çaydanları, səhənglər var. Bura onun ən uzunmüddətli məşğul olduğu iş yeridir. Nüsrət Qarayev həm də qalayçıdır, 26 ildir bu emalatxanada çalışır. 

Deyir ki, hələ uşaq olanda bir qalayçı onlara qonaq gəlib və gedəndə də öz alətlərini aparmayıb. Beləcə 12 yaşında uşaq barmaqlarını dağlaya-dağlaya hələ də pul qazandığı sənəti öyrənib. 

Gəncliyində qalayçılıq etməkdən utanıb və sürücülüklə məşğul olub. Daha sonra iş elə gətirib ki onun işi kənd üçün böyük əhəmiyyət kəsb edib və o, işini atmayıb: "90-cı illərə qədər Quzanlıya taxılı mən daşımışam. Gürcüstandan keçib, Stavropoldan 20 ton taxıl gətirirdim. Bütün kənd tanıyırdı məni. Elə həmin ərəfələrdə baramaçılıqla da məşğul olurdum”.

Sonradan sürücülüyü qalayçılıqla əvəzləyib, Ağcabədinin Avşar kəndində işləyib: "Başqa kənddir, tanıyan, bilən az idi. Yaxşı qazana bilmirdim. Gah süd verirdilər, gah yağ. Göndərirdim evə. Sonradan qayıtdım kəndə, işimi qurdum. Əslində mənə çətin də gəlmir. Yayda odun istisi adamı yandırsa da, baş girləmək olur”.
 

Orta təhsillidir. Məktəb illərindən sonra kitab oxumağa maraq göstərməsə də, kimyəvi maddələrin adlarını, tərkiblərini, reaksiyaların necə getdiyini çox yaxşı bilir: "Əsas turşu və natrium xloridlə işləyirəm. Qalay insanı təmizliyə çəkən işdir. Ölkədə vergisi də yoxdur. Qazancım özümə qalır. Alətlərim var deyə xərcim də çox çıxmır. Lazım olan hər şeyi Bakıdakı Nəsimi bazarından alıram. Qalay çubuqları 4-5 manata olur, bir neçə ay istifadə edirəm”.
 
Nüsrət Qarayev bu peşəni qızına da öyrədib: "O, məndən yaxşı işləyirdi. Cavan olduğu üçün tez qavrayırdı, üstəlik qız uşağıdı deyə daha səliqəli, incə işləyirdi. Sonra ailə qurdu, daha məşğul olmadı. İndi də yavaş-yavaş balaca nəvələrimə öyrədirəm”.
 
Həyətində hazırladığı əl-üz yuyan var. İsti su olsun deyə içərisinə qurğu da quraşdırıb. 

O, həyat doldur və deyir ki, 70 yaşına qədər elə ciddi xəstəliyi olmayıb: "Nə təzyiqim var, nə də şəkərim. Bir xəstəliyim var, o da qoçaqlıqdır. Hərəkətsiz qala bilmirəm”.
 
Gülzar N. Məmmədli
Toplum TV