17:09, 08 Noyabr 2018 (Cümə axşamı) 119

Sürüşmə zonasında uçqunlar olub

Sürüşmə zonasında uçqunlar olub
Noyabrın 8-də Badamdar sürüşmə sahəsində xırda uçqunlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatda belə deyilir.

Məlumata görə, sürüşmə zonasında aparılan tədqiqatların nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib.

Sürüşmənin yuxarı hissəsində olan qaya parçalarının alt hissəsinin qoparaq asılı vəziyyətdə qaldığı bildirilir.

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə olub. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son aylar Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları qeydə alınıb.