11:59, 17 Oktyabr 2018 (Çərşənbə) 893

“Özləri də prosesi aydınlaşdıra bilmirlər” – Ekspert

“Özləri də prosesi aydınlaşdıra bilmirlər” – Ekspert
"Sürüşmənin yaranmasının ən başlıca səbəbi insan amilidir”

Son zamanlar ölkənin bəzi ərazilərində sürüşmə prossesində aktivlik müşahidə olunur. 

Oktyabrın 12-də Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə baş verib. 

Sözügedən sürüşmə sahəsində və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən  fərdi yaşayış evlərinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. 

Hadisə yerinə gələn Baş Nazirin muavini Hacıbala Abutalıbov qeyd edib ki, ”Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”. 

Həmin sahədə avtivlik hələ də, davam edir. 

Sürüşməyə meyilli ərzilərdə süni amillərin rolu nə qədərdir?

Həmin ərazilərdə sürüşməyə qarşı hansı tədbirlər görülür?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi və nazirlik tərəfindən yaradılmış qərargahin üzvü Əziz Qaralov qeyd edir ki, sürüşmənin yaranmasının ən başlıca səbəbi insan amilidi:

”Ümumiyyətlə, sürüşmənin yaranma səbəbləri var. Dünyada olan statistik məlumata əsasən sürüşmələrin baş verməsinin 80 faizi antropogen amillərlə bağlıdı, yəni həmin ərazilərə insanlar müdaxilə edir. Sürüşmələrin tez-tez baş verməsi isə əvvəlki illərə nisbətən insanların sayının  və məskunlaşmanın artması, yeni qəsəbələr, yollar salınması ilə əlaqədardır. Yəni təbiətə müdaxilənin sayı artıb. Bu, Bayıl qəsəbəsində atropogen, texnogen amillərlə bağlı olan sürüşmə hadisəsidi. Yuxarı hissədə, yaylada olan evlər, kanalizasiya sistemi, suvarma, müxtəlif axıntılar bugünki prossesə səbəbdir. Təbii amil dedikdə isə tektonik proses, atmosfer söküntülərindən ola bilər. Sürüşməyə meyilli ərazilərdə yaşayış evlərinin tikilməsi ilə bağlı hazırda Bakı şəhəri və Abşeron yarımadası ayrı olmaqla, hər ikisinin sürüşməyə meyilli ərazilərinin atlas toplusu var. Hansı ki qədim, yeni əmələ gələn sürüşməyə meyilli ərazilər qeyd olunur. Və coğrafi koordinatları müvafiq nazirliklərə paylanıb. İstənilən vətəndaşa ev tikmək üçün ayrılan sahəyə əvvəlcədən baxılır. Sürüşmə olan ərazilərdə ağaclar, kolluqlar əkilməsi ilə prossesin qarşısını almaq olar. Ağacların, kolluqların əkilməsi təbii aşınmanın qarşısını alır, amma tam effekt vermir. Gərək suvarma sistemini elə qurasan ki, fontan şəklində suvarılma aparılmasın. Bunun üçün də müvafiq qaydalar, normalar var. Digər tərəfdən 40-50 metrlik sürüşmə müstəvisi var və ağacın kökü də o dərinliyə çata bilmir”.

Şəhərsalma üzrə ekspert Rahab Qazıyev deyir ki, sürüşməyə meyilli ərazilərdə ən əsası kanalizasiya sisteminin olmamasıdır: "Əsasən tikintilərlə o ərazilər çox yüklənir. Sahil boyu ərazilərdə hündürmərtəbəli binalar çoxdur  və bu prosesi daha da aktivləşdirir. Dövlət qurumları yalnız sürüşmə baş verdiyi zaman fəaliyyətə başlayır. Ümumiyyətlə, ağaclar və kolların əkilməsi sürüşmənin qarşısını alır. Həm yağış yağanda qidalanır, həm də ağacların kökləri çox dərinə gedir. Hansısa bir torpaq sahəsi olan kimi orada bina tikilir, heç bir lahiyələndirmə olmur. Həmçinin qurumlar deyir ki, baş verən ərazidə olan tikililər sənədsizdir, sakinlər isə hər kəsin yaşadığı evin sənədi olduğunu bildirirlər. Özləri də prosesi aydınlaşdıra bilmirlər”.
 
Nəzrin Bədəlli
Toplum TV